Azərbaycan relyefi
Azərbaycan relyefi — Azərbaycan Respublikası ərazisinin relyefi çox müxtəlif və mürəkkəbdir. Ərazinin yarıdan çoxu əsasən, 400–500 m (Orta və Aşağı Araz çökəkliklərində 800–1000 m), bəzi yerlərdə 100–120 m (Talış, Ceyrançöl-Acınohur və Ləngəbiz-Ələt ön dağlıqları) və 0–50 m (Qobustan, Abşeron) mütləq hündürlükdən başlayan dağ silsilələri və tirələrindən, yayla və platolardan, qalan hissəsi isə düzənlik və ovalıqlardan ibarətdir. Hündürlüyü Xəzər dənizi sahilində təqribən — 28 m-dən Böyük Qafqaz silsiləsində 4466 m-dək (Bazardüzü zirvəsi) dəyişir. Okean səviyyəsindən alçaqda yerləşən sahələr respublika ərazisinin 18%-ini, hündürlüyü 0 m-dən 200 m-dək olan sahələr 24%-ini, 200 m-dən 500 m-dək 15,5%-ini, 500 m-dən 1000 m-dək 15,5%-ini, 1000 m-dən 2000 m-dək 19,5%-ini, 2000 m-dən 3000 m-dək 6,5%-ini, 3000 m-dən yüksəkdə yerləşən sahələr isə 1%-ini təşkil edir. Orta hündürlük 657 m-dir. Azərbaycan Respublikasının əsas oroqrafiya vahidləri Böyük Qafqaz dağ sistemi, Samur-Dəvəçi ovalığı (Qusar maili düzənliyi ilə birlikdə), Kür çökəkliyi, Kiçik Qafqaz və Talış dağ sistemləridir.
Böyük Qafqaz dağ sisteminin yalnız cənub-şərq hissəsi Azərbaycan Respublikası ərazisinə daxildir. Burada əsas oroqrafiya vahidləri Böyük Qafqaz silsiləsi (yaxud Suayrıcı silsilə) və Yan silsilədir. Böyük Qafqazın çox hissəsini təşkil edən Böyük Qafqaz silsiləsi Azərbaycan Respublikası ərazisində Gürcüstan Respublikası və Dağıstan MR ilə sərhəddəki Tinov-Rosso zirvəsindən (3385 m) başlayaraq cənub-şərq istiqamətində uzanır. Silsilənin Tinov-Rosso və Bazardüzü zirvələri arasındakı hissəsinin yalnız cənub yamacı (şimal yamacı Dağıstan MR-dadır), bundan cənub-şərqdəki hissəsinin isə hər iki yamacı respublika ərazisinə daxildir.